"GÜNEY AZƏRBAYCANDA İNSAN HAQLARI PROBLEMİ GÜNDƏMİN MÖVZUSUNA ÇEVRİLİB"
"Öyrənci"nin
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının sədri Faxtə
Zamani ilə müsahibəsi
"Öyrənci": Azərbaycan milli fəallarının tutulması hallarının çoxalması və onlara təzyiqlərin artması Azərbaycan Tələbə Hərəkatını öz enerjisinin böyük bir hissəsini hüquq müdafiəçiliyinə yönəltməyə və bununla da Azərbaycanda senzura atmosferinin formalaşıb qalib gəlməsinə maneçilik törətməyə vadar etmişdir. Bu baxımdan "Öyrənci" imkan daxilində həbslər barədə xəbərlərin yayılmasına çalışır. Ölkənin şəhər və universitetlərində ciddi təhlükəsizlik tədbirlərinin alındığı bir şəraitdə təbii ki, Azərbaycan Tələbə Hərəkatı həbslər barədə xəbərlərin geniş və hərtərəfli şəkildə çatdırılması üçün lazımi və kifayət qədər imkanlara malik deyildir. Bununla belə o, əhali və tələbələr içərisində geniş şəbəkələr yaratmaqla senzura mühitinin yayılmasına xeyli dərəcədə mane olmuş və rejimin senzura sisteminin uğursuzluğuna zəmin hazırlamışdır. Azərbaycan Tələbə Hərəkatı ilə yanaşı, Azərbaycanın üç mühüm insan haqları təşkilatı azərbaycanlı siyasi məhbusların hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi istiqamətində diqqətəlayiq işlər görmüşdür. Əlirza Cavanbəxtin sözçüsü olduğu Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK), Böyük Rəsuloğlunun başçılıq etdiyi Dünya Aəzrbaycanlılarının Hüquqlarını Müdafiə Cəmiyyəti və Faxtə xanım Zamaninin sədrliyi ilə Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyası (ADAPP) Azərbaycanın siyasi məhbuslarının müdafiəsi yönündə böyük zəhmətlər çəkmişlər. Beynəlxalq Amnistiya Təşkilatı və digər beynəlxalq insan haqları qurumları tərəfindən onlarla hesabatın yayılması bütünlüklə bu əziz dostların xidmətidir. Azərbaycan Tələbə Hərəkatı hərəkət müstəqilliyini saxlayıb milli mənafelər yönündə fəaliyyət göstərməklə yanaşı, hüquq müdafiə qurumları ilə əməkdaşlığı nəinki öz müstəqilliyinə zidd bilmir, əksinə, buna Azərbaycan Milli Hərəkatının tarixi zərurəti kimi baxır. Və təbii ki, aşağıdakı müsahibə də bu baxımdan baş tutmuşdur. Belə ki, "Öyrənci" saytı Azərbaycan hüquq müdafiə təşkilatlarının fəaliyyəti ilə daha yaxından tanışlıq məqsədilə insan haqları fəallarından müsahibələr götürməyi qərara almışdır. O fəallardan ki, mövcud siyasi qruplaşmalardan uzaq durub yalnız Azərbaycan siyasi məhbuslarının müdafiəsi ilə məşğul olurlar. Faxtə xanım Zamani Azərbaycan Milli Hərəkatında digər fəallara nisbətən az təcrübəyə malik olsa da, özünün intellekti, mətanəti, iradəsi və yüksək insani keyfiyyətləri sayəsində Azərbaycan siyasi məhbuslarının ailələri arasında yüksək ehtiram qazanmağa və beynəlxalq insan haqları təşkilatlarının diqqətini geniş surətdə Azərbaycan məsələsinə yönəltməyə nail ola bilmişdir. Onun ABŞ Konqresindəki son çıxışı açıq şəkildə bir tərəfdən İslam Respublikası rejiminin antihumanist əməllərini ifşa etdi, digər tərəfdən, fars müxalifətinin, xüsusən monarxistlərin irqçi mövqeyinə zərbə vurdu. Azərbaycan Tələbə Hərəkatı öz növbəsində dəyərli fəaliyyətinə və İnternet müsahibəsinə dəvəti qəbul etdiyinə görə Faxtə xanıma təşəkkürünü bildirir və ümid edir ki, insan haqları sahəsində fəaliyyət göstərən digər fiziki və hüquqi şəxslər də ifşaçı müsahibələr verməklə Azərbaycan Milli Hərəkatının daha da güclənməsinə zəmin yaradacaqlar. Bununla bağlı maraqlananlar "Öyrənci" saytı ilə əlaqə saxlayıb öz dəyərli fikir və təkliflərini bildirə bilərlər. İzahat üçün onu da qeyd edirik ki, müsahibəni ana dilimiz olan türkcədə götürmək istəsək də, müsahibə mətninin farsdilli saytlarda da yayıla bilməsi üçün müsahibəni fars dilində aparmağa məcbur olduq.
"Öyrənci", 08 aprel 2008-ci il
- Xahiş edirik, özünüzü təqdim edib son bir neçə ildə gördüyünüz işlər barədə məlumat verəsiniz. - Təbriz şəhərində orta məktəbi bitirdikdən sonra Kanadaya mühacirət edib Ottava Universitetində fizika sahəsində təhsil almışam. Fizika üzrə bakalavr pilləsini bitirdikdən sonra elektronika sahəsində Engineering Specialization in Microwave and wireless ixtisası üzrə mühəndislik fakültəsinə daxil olmuş və həmin universitetdən məzun olmuşam. Təhsilimi başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən Ottava Universitetində çalışmışam. Təqribən iki il bundan qabaq peşə fəaliyyətimi davam etdirməklə yanaşı, bəzi azərbaycanlı məhbuslara kömək məqsədilə beynəlxalq insan haqları mərkəzləri ilə əlaqəyə girdim. Amma 2006-cı ilin may etirazlarından sonra işin həcmi artdığına görə bütünlüklə Güney Azərbaycanda insan haqları məsələsi üzərində təmərküzləşməyə məcbur oldum. Bu iki il ərzində bütün məhdudiyyətlərə, imkansızlığa və çoxlu çətinliklərə baxmayaraq, digər azərbaycanlı fəalların köməyilə müəyyən dərəcədə Azərbbaycanın səsinin boğulmasına, boykot edilməsinə son qoymağa və orada insan haqlarının pozulduğunu müxtəlif beynəlxalq qurumlara çatdırmağa nail ola bilmişik. Belə ki, Azərbaycanda insan haqları problemi artıq gündəmin mövzusuna çevrilmişdir. Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) birbaşa əlaqələri nəticəsində bu iki il ərzində BMT, Beynəlxalq Amnistiya Təşkilatı, "Frontlayn", ABŞ Xarici İşlər Nazirliyi və s. kimi beynəlxalq qurumlar və hüquq müdafiə təşkilatları tərəfindən azərbaycanlı fəalların hüquqlarının pozulması ilə bağlı yüzdən çox bəyanat verilmişdir. Biz bu beynəlxalq təşkilatların çoxu ilə yaxından əlaqə saxlayır, əksər işlərdə onlarla məsləhətləşir və onların suallarına cavablar veririk. Beynəlxalq Amnistiya Təşkilatı bizim Assosiasiya barədə dəfələrlə öz fikrini yazılı şəkildə bildirmişdir. Bu, bizim onlarla yaxından əməkdaşlığımıza görədir. Bundan əlavə, ötən il Azərbaycanda insan haqları məsələsinə dünyanın diqqətini cəlb etmək məqsədilə Amerikada və Avropada müxtəlif görüşlər keçirdik. Təqribən 4 ay BMT-nin Cenevrədəki iqamətgahında, 1 ay da Beynəlxalq Amnistiya Təşkilatının Londondakı ofisində onlarla yaxından işlədik. - Ümumiyyətlə, beynəlxalq qurumlarda insan haqları ilə bağlı fəaliyyətlər nə kimi yer tutur? - Bu gün dünyanın harasında yerləşməsindən və inkişaf səviyyəsindən asılı olmayaraq, təqribən bütün dövlətlər insan haqlarına hörmətlə yanaşdıqlarını bəyan edirlər. Amma həmişə belə olmayıb. İkinci Dünya Müharibəsindən əvvəl hər hansı hökumətin öz ərazisində vətəndaşları ilə necə rəftar etməsi həmin ölkənin suverenliyinə aid məsələ sayılırdı, yəni hökumət daxili işlərdə ən yüksək hakimiyyətə malik idi. İkinci Dünya Müharibəsi illərində nasistlər Holokostu törətdilər, yəni mütəşəkkil surətdə milyonlarla Avropa yəhudisini qırdılar. Bu vəhşiliyə dünyanın hədsiz nifrəti böyük bir düşüncə dəyişikliyinə səbəb oldu. İnsan haqları beynəlxalq münasibətlərin əsas axarına daxil oldu. "Soyuq müharibə" bitdikdən sonra isə insan haqlarının qorunması sahəsində beynəlxalq səylər daha da gücləndi. Bü üzdən hazırda bütün sivil dövlətlərin diqqəti insan haqlarının qorunmasına yönəlmişdir. İnsan haqlarının genişləndirilməsi ilə məşğul olan təşkilatlar bütün dünyada insan haqlarının rəsmi şəkildə tanınması və qorunması istiqamətində mühüm addımlar atırlar. Hətta diktator hakimiyyətləri də üzdə belə olsa, insan haqları meyarlarına riayət etməli olduqlarını bilirlər. - Sizcə, insan haqları sahəsində fəaliyyət göstərən şəxs hansı xüsusiyyətlərə malik olmalıdır? - İnsan haqları fəalı o kəsdir ki, insan haqlarına riayət edilməsinə və ya onun pozulmamasına çalışır. Hüquq müdafiəçisi insan haqlarının pozulmasına qarşı həssas olmalı, hüququ tapdanmış şəxslərin şərait və durumunu nəzərə almaqla, mövcud imkanlardan maksimum istifadə etməli və beləliklə, vəziyyətə müsbət təsir göstərməyi bacarmalıdır. İmkanlardan maksimum istifadə o deməkdir ki, bütün mövcud işləri götür-qoy etsin və imkanlar az olduqda ədalətli şəkildə bu və ya digər işə üstünlük versin. Eləcə də hüquq müdafiəçisi yalnız konkret şəxsə deyil, problemlərə geniş bucaqdan baxmalı, ayrı-seçkiliyə yol vermədən əldə etdiyi məlumatları dəqiq və düzgün şəkildə əks etdirməlidir. Hüquq müdafiəçisi insan haqlarının qorunmasında hüquqi dildən istifadə etməli, faktların lüzumsuz yerə təhrif olunması və şişirdilməsindən, siyasətbazlıqdan çəkinməlidir. - İnsan haqları məsələsində ölkə daxili və xaricindəki hansı qruplar və ya şəxslər sizə kömək etmişlər, yaxud hansı qruplar və şəxslərlə əlaqədə olmusunuz? - Azərbaycan Milli Hərəkatında fəaliyyət göstərən təqribən bütün qruplar az-çox bizimlə əməkdaşlıq etmişlər. Onların köməyi olmadan əldə edilmiş bütün uğurlar mümkünsüz olardı. Ölkə daxilində bizimlə əməkdaşlıq edən şəxslərin adının çəkilməsi onların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Amma onlar öz həyatlarını təhlükə qarşısında qoyaraq bizə məlumatlar çatdırmışlar ki, beynəlxalq mərkəzlərə göndərək. Əgər biz zindandakı fəalların vəziyyətinə müsbət bir təsir göstərə bilmişiksə, bu, ölkə daxilindəki fəalların bizimlə davamlı əməkdaşlığı sayəsində mümkün olmuşdur. Ölkə xaricində həm GünAz televiziyası, həm də təşkilatların bəzi məsul şəxsləri bizdən yardımlarını əsirgəməyiblər. Azərbaycanda insan haqları sahəsində fəaliyyətlərimizi təkmilləşdirmək üçün Azərbaycanın digər hüquq müdafiə təşkilatları ilə də yaxından əməkdaşlıq etmişik. - Bildiyiniz kimi, biz bu il Azərbaycan Milli hərəkatının tarixində beynəlxalq səviyyəli iki mühüm hadisənin şahidi olmuşuq: bunlardan biri "Frontlayn"dünya kampaniyası, digəri isə Azərbaycan Milli Hərəkatının "Əl-Cəzirə" şəbəkəsində müzakirəyə çıxarılmasıdır. Bu barədə qısa məlumat verib lütfən söyləyin, həmin iki olay beynəlxalq səhnədə necə rezonans doğurmuşdur? - İran Konstitusiyasına və insan haqlarına dair konvensiyalara görə, Azərbaycan millətinin tələbləri tamamilə haqlıdır və onun nümayəndələrinin pantürkist, separatçı, xəyanətkar və s. kimi çeşidli adlar altında repressiyalara məruz qalması beynəlxalq aləmdə İran hakimiyyətinin pislənməsi ilə sonuclanacaqdır. Bu gün Beynəlxalq Amnistiya Təşkilatının azərbaycanlı hüquq müdafiəçilərini dəstəkləməsi və bu təşkilatın İrandakı müxtəlif millətlərin əllərindən alınmış hüquqlarına diqqət yetirməsi nəticəsində biz beynəlxalq səviyyədə arzuladığımız dərəcədən çoz uzaq olsa da, müəyyən həddə görünə bilmişik. Bu nəticələrdən biri "Frontlayn"dünya kampaniyası olmuşdur. Həmçinin kütləvi informasiya vasitələrində Xədicə xanım İsmayılova kimi azərbaycanlı jurnalistlərin fəaliyyəti təqdirə layiqdir. Ümumiyyətlə, Azərbaycan Milli Hərəkatı günbəgün beynəlxalq səviyyədə tanınmaqdadır və ümidvarıq ki, dünya ictimaiyyətinin bu kimlik tələb edən hərəkata daha çox diqqət yetirməsinə və dəstək verməsinə nail olacağıq. - Xaricdəki Azərbaycan təşkilatları və cəmiyyətlərinin durumu necədir? Hansı problemlərlə üzləşirlər? Onların fəaliyyətini gücləndirmək üçün nə etmək lazımdır? - Təkcə Azərbaycanın hüquq müdafiə qurumları deyil, demək olar, bütün Azərbaycan təşkilatları beynəlxalq standartlara uyğun şəkildə qurulmayıb və sistemli fəaliyyət göstərmirlər. Onların işinin səmərəsi çox zəifdir və özlərini dünyanın müasir standartlarına daha yaxşı uyğunlaşdırmaq əvəzinə, bəzən enerjilərini mənfi hərəkətlərə, daxili çəkişmələrə, təşkilatlar və şəxslər arasındakı ixtilaflara sərf edirlər. İşdə çevikliyin olmaması, fəaliyyət qanunlarına riayət olunmaması, mənfi əməllərin çoxluğu ucbatından müsbət işlərin təsirsiz qalması, layihənin verəcəyi nəticə və səmərəni nəzərdə tutmadan enerji sərfi, məhdud mövzular üzərində tükənməz və nəticəsiz müzakirələr mövcud problemlərin müəyyən nümunələridir. İş prinsiplərinə əməl edilməsi və İranda azərbaycanlıların elementar haqlarının pozulması, Azərbaycan fəallarının qeyri-insani repressiyalara məruz qalması faktını yaymaq kimi başlıca hədəfin nəzərdə tutulması yolu ilə bu yöndə gələcəkdə daha güclü addımlar atmaq mümkündür. Biz Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasının (ADAPP) işini sistemli şəklə salmağa çalışırıq və ölkə daxili və xaricində müxtəlif fəalların bizimlə əməkdaşlıq etməsinə baxmayaraq, ixtisaslı kadr sarıdan kəskin çatışmazlıq hiss edirik. Biz illərlə fikir verilməyən bir çox zəruri məqamlarla, məsələn, insan haqları mərkəzlərinə dəqiq hesabatların verilməsi və Azərbaycan Hərəkatının beynəlxalq ictimaiyyətə tanıdılması ilə məşğul olduqdan sonra axır aylarda səylərimizi müasir dünya standartlarına cavab verən bir insan haqları təşkilatının yaradılması üzərində cəmləşdirmişik. Və bir neçə xarici hüquq müdafiəçisini əməkdaşlığa cəlb etməklə onların yardımından da faydalanırıq. - Bildiyiniz kimi, son illərdə Azərbaycan Milli Hərəkatının bir çox fəalları günahsız yerə saxlanmış, həbs edilmiş və hədələrə məruz qalmışdır. Bu insanlar öz hüquqlarının pozulmasını necə bəyan edə bilərlər? - Bu insanlar imkan daxilində hesabat yazarkən bu məqama diqqət yetirsinlər ki, onlar saxlanılan zaman və ya həbs müddətində İran hökumətinin rəsmən tanıdığı qanunlara riayət olunub, ya yox. Əgər riayət olunmayıbsa, mütləq onu yazıb bizə göndərsinlər və biz də onların hüququnun pozulması faktını mövcud beynəlxalq qanunlarla müqayisə edib beynəlxalq qurumlara ötürək. - Əldə olan məlumatlara görə, son bir ildə Azərbaycanın tələbə dərgilərinin nəşri, qanuni mərasimlərdə, sivil etirazlarda iştirak və s. kimi fəaliyyətlərdə bulunan kimlik tələb edən tələbə və şagirdləri İran hökuməti tərəfindən saxlanılmış, həbs edilmiş, şərti cəzaya məhkum olunmuş, təhsil hüququndan məhrum edilmiş, töhmət almış, yaxud universitetdən xaric edilmişdir. "Öyrənci" saytı, hüquq müdafiə təşkilat və cəmiyyətləri bu xəbərləri yaymışlar. Beynəlxalq səviyyədə bu şəxslərin hüquqlarının bərpası üçün nəsə etmək mümkündürmü? - Əvvəldə işarə etdiyim kimi, kadr azlığı ucbatından biz işgəncə, həbs və s. kimi işlərə üstünlük verməyə məcbur oluruq, sonra digər məsələlərə baxırıq. Şərti cəza, təhsil hüququndan məhrum olunma, töhmət və ya universitetdən xaric edilmə kimi hallar çox mühüm məsələlərdir və əgər tələbə təşkilatları bu barədə dəqiq hesabatlar hazırlasalar, biz ilk fürsətdə onları mütləq beynəlxalq mərkəzlərə çatdırarıq. - Türk qadın və uşaqların hüquqlarını müdafiə qruplarının formalaşmasına necə baxırsınız? - Son bir neçə həftə ərzində bəziləri yenicə yaradılmış bir neçə qadın və uşaqların hüquqlarını müdafiə qrupları bizə müraciət ediblər, amma işimizin çoxluğundan hələ onların fəaliyyətini araşdırmağa fürsət tapmamışıq. Bu iki məsələ həmin kateqoriyadan olanların ikiqat ayrı-seçkiliyə məruz qaldığı üçün xüsusi diqqət obyekti olmalıdır. Mən Cenevrədə BMT iqamətgahında işlədiyim müddətdə belə təşkilatların yeri görünürdü, həmçinin Beynəlxalq Amnistiya Təşkilatının, yaxud BMT-nin məsul şəxsləri ilə hüquq müdafiə təşkilatlarının iclaslarında qadın və uşaq hüquqları üzrə fəalların olmaması hiss edilirdi. - İranda azərbaycanlılardan başqa digər türklər, o cümlədən, türkmənlər, qaşqaylar, Xorasan türkləri və s. yaşayır. Siz onların insan haqları fəalları ilə əlaqə saxlayırsınızmı? - Biz türkmənlərin hüquq müdafiəçiləri ilə yaxın əlaqələrə malikik. Misal üçün, son aylar biz türkmənlərin hüquqlarının pozulması ilə bağlı Beynəlxalq Amnistiya Təşkilatının və ABŞ Xarici İşlər Nazirliyinin bəyanat verməsinə nail olmuşuq. Amma İrandakı digər türk qrupları barədə hələlik bizə məlumatlar daxil olmamışdır. - Bilirsiniz ki, İran çoxmillətli bir ölkədir. Türklərdən başqa digər millətlər, o cümlədən, ərəblər, bəluçlar və s. öz haqlarını müdafiə sahəsində fəaliyyət göstərirlər. Siz onların fəaliyyətinə necə baxırsınız? - Ərəblər və bəluçlar İrandakı qeyri-fars millətlərin əksəriyyəti kimi milli zülmdən mənfi təsirlər almışlar, onların beynəlxalq qurumlarla əlaqələri zəifdir. Bu cəhət bəluçlarda daha aydın nəzərə çarpır. Ərəblərdə təşkilatlar arasındakı ixtilaflar, misal üçün, onların Əhvaz məscidindəki kütləvi həbsləri lazımınca işıqlandıra bilməməsinə səbəb oldu. Biz bu qruplara yardım göstərdik və Beynəlxalq Amnistiya Təşkilatının bununla bağlı bəyanat verməsinə nail olduq. Bəluçlar barədə demək lazımdır ki, onların insan haqları təşkilatları olsa da, hələ lazımi səviyyədə deyildir. Ötən ilin yayında mən Beynəlxalq Amnistiya Təşkilatında çalışdığım müddətdə bəluç hüquq müdafiə təşkilatları zəif olduğundan vaxtımın bir hissəsini bəluçlar barədə bəyanat hazırlamaq üçün onlarla əməkdaşlığa sərf etdim. Xoşbəxtlikdən, bu zəhmət də yaxşı nəticə verdi və sonradan Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən mükəmməl bəyanat yayıldı. Biz cənab Yaqub Mehrnəhadın barəsində ABŞ Xarici İşlər Nazirliyinə hesabat yazdıq və oradan da bəyanat verildiyinin şahidi olduq. - Bildiyiniz kimi, bəzi cinahlar mərkəzçi hüquq müdafiə təşkilatları ilə işləməyin, bəziləri isə müstəqil fəaliyyət göstərməyin tərəfdarıdır. Sizin mövqeyiniz necədir? - Mənim Azərbaycanda insan haqları ilə məşğul olmağımın və bizim ADAPP-ı yaratmağımızın səbəbi bu olub ki, həmin mərkəzçi hüquq müdafiə təşkilatları nəinki azərbaycanlıların və digər qeyri-fars millətlərin haqlarını gündəmə gətirmirdilər, hətta müəyyən məqamlarda işi pozurdular və pozurlar. Əlbəttə, Azərbaycanın bəzi hüquq müdafiə komitələri və şəxsləri mərkəzçi təşkilatlarla əməkdaşlıq edirlər, amma ADAPP qeyd olunan çatışmazlıqlara və problemlərə baxmayaraq, insan haqları mərkəzləri və beynəlxalq qurumlarla birbaşa əlaqələrə malik olduğundan, onlarla əməkdaşlığa lüzum görmürük. - Sizin insan haqları məsələsində türk diasporası ilə əlaqəniz olubmu? Onların vasitəsilə Azərbaycanda insan haqlarının pozulmasını necə gündəmə gətirmək olar? - Yox, olmayıb, amma ADAPP-ın inkişafı çərçivəsində daha çox hüquq müdafiə mərkəzləri, o cümlədən türk diasporası ilə əlaqələr quracağıq. Biz türkdilli ölkələrdə olan medianın imkanlarından istifadə edib İrandakı azərbaycanlıların problem və çətinliklərini gündəmə gətirə bilərik. - Bizə vaxt ayırdığınız üçün çox təşəkkür edirik.
Qaynaq: Azərbaycan Tələbə Hərəkatının saytı – http://www.oyrenci.com/ Tercume : Məsiağa Məhəmmədi
|